Qarabağda yeni nar bağları salınacaq - Fərhad Qaraşov

11:20 17.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Nar dünyanın ən qədim meyvələrindən biri kimi tanınır. Tarixi qaynaqlara görə onunla ilk tanışlıq qədim Orta Şərq svilizasiyaları ilə əlaqələndirilir. İlk olaraq Misir və qədim Yunanıstanda becərilən narın yetişdirilmə arealı sonralar Türkmənistan, İran, Əfqanıstan, Azərbaycan, Hindistan, Çin kimi Asiya ölkələri, Şimali Amerika və Avropanın Aralıq dənizi sahili ölkələrinə qədər genişlənmişdir. Narın adı İslamın Müqəddəs Kitabı Qurani-Kərimdə, Xristianlığın Müqəddəs Kitabı Bibliyada və Yəhudiliyin Müqəddəs Kitabı Tövratda da keçir.

Bu gün Azərbaycanda 70-ə yaxın nar sortları mövcuddur. Ən yaxşı nar sortları meyvəsinin kütləsi 800-1000 qrama, orta çəkisi isə 200-400 qrama çatır. Narın homoloji sortlarının məhsuldarlığı da eyni deyildir. Nar sortlarından Məhsəti, Bala Mürsəl və Qırmızı qabıq sortları ən yüksək məhsuldarlığa malikdir. Sortlar üzrə onların məhsuldarlığı 100-160 sentner təşkil edir. Bəs, gösəsən, hazırda Azərbaycanda narçılığın inkişafı ilə bağlı vəziyyət necədir? Dövlət nar istehsalçılarına hansısa dəstək verirmi?

Mövzu ilə “Həftə içi” qəzetinin müsahibi Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası  İctimai Birliyinin sədri Fərhad Qaraşovdur.

- Fərhad müəllim, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası hansı zərurətdən yaranıb və Assosiasiyanın əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

- Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi göstəriş və tapşırıqlarına əsasən, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə, qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı istiqamətində yaradılmış sahəvi assosiasiyalardan biridir. Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir. Həmçinin, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) fəaliyyət strategiyasının əsas istiqamətlərindən biri də fəaliyyətləri məqsədlərlə uzlaşdırılmış şəkildə həyata keçirməkdir.

- Azərbaycanda narçılığın inkişafını necə qiymətləndirirsiniz? Ölkəmizdə nar istehsalı qənaətbəxşdirmi?

- Azərbaycanda narçılıq son illərdə daha geniş vüsət almışdır. Buna əsas səbəb Azərbaycan narına tələbatın artmasıdır. Qeyd etmək

istərdik ki, narçılığın ümumi vəziyyəti qeyri-qənaətbəxşdir. Orta məhsuldarlıq hər hektara yalnız 6-8 ton təşkil edir. Bu isə dünya ölkələri ilə müqayisədə çox aşağıdır.

- Hazırda dövlət nar biznesi ilə məşğul olan istehsalçılara hansı dəstəyi verir? Bu sahədə fəaliyyət göstərən fermerlərin əsas problemi nədən ibarətdir?

- Bu gün dövlətimiz tərəfindən intensiv nar bağlarının inkişafına yönəlmiş birdəfəlik deqradasiya torpaqlarında 5000 AZN, növbəti 4 il üçün isə hər hektara 700 AZN subsidiya məbləğinin ayrılması, yenidən əkinəyararlı hala salınması bu sahənin inkişafına kifayət qədər təkan verir. Bu sahədə fəaliyyət göstərən fermerlərin əsas probleminə gəlincə, hazırda əsas problemlərindən biri kadr çatışmazlığıdır. Bu sahədə, demək olar ki, aqronomlar yoxdur. Digər problem isə maliyyə resurslarına çıxış imkanlarının məhdudluğudur. Həmçinin son dövrlər rastlaşdığımız digər vacib problem su çatışmazlığıdır.

- Yerli istehsal daxili tələbatı ödəmək iqtidarındadırmı? İl ərzində Azərbaycanda nə qədər nar istehlak olunur?

- Hal-hazırda yerli istehsal daxili tələbatı ödəyir, çünki istehsal olunan məhsulun yalnız 10 faizi ixrac olunur, qalanı daxili bazarda satışa çıxarılır. İxrac həcmi artacağı təqdirdə bu kifayət etməyə bilər.

- Bu gün əsas nar bağları ölkənin hansı regionlarının payına düşür? İşğaldan azad olunmuş ərazilərdə yeni nar bağlarının salınması nəzərdə tutulurmu? Bu istiqamətdə hansı işlər görülür?

- Narçılığın geniş yayıldığı ərazilər - Aran, Mil-Muğan, Dağlıq Şirvanın aşağı yanlarıdır. Adıçəkilən ərazilərdə narçılıq çoxluqla həyətyanı sahələri əhatə edir. Azad edilmiş ərazilərdə nar bağlarının salınması nəzərdə tutulur. Ermənistanın işğalından əvvəl Ağdamda, Qubadlıda, Zəngilanda nar bağları mövcud idi. Hazırda nar bağlarının hansı ərazilərdə salınması ilə bağlı aidiyyəti qurumlar məlumat verəcək. Bütün məsələlər yəqin ki, minatəmizləmə ilə bağlı problem həll edildikdən sonra həyata keçiriləcək. Hökumətin bu istiqamətdə təkliflərini verməsini gözləyirik.

- Azərbaycan narı, əsasən, hansı ölkələrə ixrac olunur? Dünya bazarında Azərbaycan narı rəqabətə damamlıdırmı? Ötən il Azərbaycandan xaricə nə qədər nar və nar məhsulları ixrac olunub?

- Azərbaycan narının ixrac olunduğu əsas ölkələr Rusiya və Ukraynadır. Bu bazarlarda məhsulumuzun satış qiyməti yüksək olub. Koronavirus pandemiyası nara olan tələbi artırıb. Bu meyvənin tərkibində yüksək antioksidant var və virusla mübarizədə effektiv təsir göstərir. Azərbaycan narı sadalanan keyfiyyətlərinə görə dünya bazarında özünəmaxsus yer tutur və təbii ki, bu sahədə öz rəqib olduğu ölkələr var. 2020-ci ildə Azərbaycanda, təqribən, 182 min

ton nar istehsal edilib. Bunun da təqribən 11 faizi (19 min tonu) ixrac edilib və nar meyvəsinin ixracından təqribən 24 milyon ABŞ dolları dəyərində, nar şirəsi isə təqribən 25 milyon ABŞ dolları dəyərində gəlir gətirib.